Naxçıvan rəssamlarına hədiyyə

 

 Hər il olduğu kimi, bu ilmuxtar respublikada Milli Qurtuluş Günü yeni sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edilir.

Bayram ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva demişdir ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlar müvafiq emalatxana ilə təmin olunurlar. Ülviyyə Həmzəyeva muxtar respublikada rəssamlığın inkişafına göstərilən qayğıya görə rəssamlar adından minnətdarlıq etmiş, bundan sonra da muxtar respublikanın müasir quruculuq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışacaqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsini muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Tarixən Naxçıvanda rəssamlıq sənətinə böyük maraq olmuşdur. XII əsrdən başlayaraq Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmiş, Naxçıvan məktəbi yaradılmışdır.

Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin “Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmaları üçün şəraiti təmin etməliyik”, - fikirini xatırladaraq demişdir: “Ümummilli liderimizin tövsiyələri muxtar respublikamızda uğurla həyata keçirilir, rəssamlar üçün lazımi şəraiti yaradılır, emalatxanalar və sərgi salonu istifadəyə verilir. Bu gün istifadəyə verilən bu bina da naxçıvanlı rəssamların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradacaqdır”.

Ali Məclisin sədri naxçıvanlı rəssamların göstərilən qayğıdan lazımi səviyyədə istifadə edəcəklərinə əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Ali Məclisin sədri sərgi salonunda rəssamların fərdi sərgilərinin təşkil edilməsi, yaradıcılıq mübadilələrinin aparılması, rəssamların əsərlərindən ibarət albom-kataloqların nəşr edilməsi, ali təhsil müəssisələrində rəssamlıq ixtisası üzrə təhsil alan tələblərin iştirakı ilə açıq dərslərin keçirilməsi və gənc istedadların üzə çıxarılması barədə tapşırıqlar vermişdir.

Binanın fasadı milli memarlıq ənənələri və müasir dizayn elementləri əsasında zövqlə işlənmiş, pəncərələr şəbəkə üslubunda hazırlanmış, işıqlandırma sistemi quraşdırılmış, binanın həyətində geniş abadlıq işləri aparılmışdır.

 

Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 4.